ASCII və Unicode kodlaşdırma standartları
Mövzuya ümumi baxış:
Unicode və ASCII hal-hazırda bütün dünyada istifadə olunan ən məşhur simvolların kodlaşdırma standartlarıdır. Unicode hər hansı bir dildə olan mətn məlumatlarını emal etmək, saxlamaq və mübadiləsini asanlaşdırmaq üçün istifadə edilən universal simvol kodlaşdırmasıdır. ASCII isə yalnız ingilis əlifbası, rəqəmlər, simvollar və s. kimi mətnlərin təqdim edilməsi üçün istifadə olunur.
ASCII:
- ASCII (American Standard Code for Information Interchange - Məlumat Mübadiləsi üçün Amerika Standart Kodu) ilk dəfə 1963-cü ildə istifadəyə verilmişdir. ASCII kodları kompüterlərdə və telekommunikasiya cihazlarında mətni təsvir etmək üçün istifadə olunur.
- ASCII 128 ədəd simvolu 0-dan 127-yə qədər olan ədədlərlə ifadə edir. Məsələn, böyük “A” hərfinin ASCII kodu 65, böyük “B” hərfinin isə 66-dır. 128 simvolun hər biri ASCII kodlaşdırma cədvəlində öz əksini tapır.
- Əksər kompüterlərdə məlumatların bir cihazdan digərinə ötürülməsini asanlaşdırmaq üçün ASCII kodlaşdırma standartından istifadə edilir.
UNİCODE:
- Unicode dünyada hər danışıq dilində hər bir simvola unikal nömrə təyin etməklə simvolu kodlaşdırmaq üçün unikal bir yol təqdim edir. Unicode standartı “Unicode Konsorsiumu” tərəfindən qorunur. Emoji ilə birlikdə 150-dən çox müasir və tarixi skripti və 140,000-dən çox simvolu kodlaşdırmağa imkan verir.
- Unicode kodlaşdırma standartının UTF-8, UTF-16, UTF-32 kimi müxtəlif növləri vardır. Onların arasında UTF-8 ən populyardır. Çünki o, saytların 90%-dən çoxunda və Windows kimi müasir əməliyyat sistemlərində istifadə olunur.
ASCII və Unicode arasındakı fərqlər
ASCII və Unicode kodlaşdırma standartları haqqında ümumi məlumatlarla tanış olduq. İndi isə gəlin onların bir-birindən nə ilə fərqləndiyinə nəzər yetirək.
1-ci amil: Ölçü
- Yuxarıda qeyd etdiklərimizdən aydın oldu ki, Unicode ASCII-dən daha çox simvolu kodlaşdırır. ASCII sadəcə 256 müxtəlif simvolu kodlaşdırmaq üçün yalnız 8 bitlik diapazondan istifadə edir. Unicode isə 150-dən çox skripti və 140,000-dən çox simvolu (65536 variasiyası mövcuddur), bunlardan əlavə hətta emojiləri kodlaşdırmağa imkan verir.
- Beləliklə, deyə bilərik ki, Unicode daha geniş simvol diapazonunu dəstəkləsə də, ASCII-dən daha çox yer tutur.
2-ci amil: ASCII==Unicode?
- Unicode-un UTF-8 standartı, 128 müxtəlif simvolu kodlaşdırmaq üçün 1bayt yerdən istifadə edir. Yəni, deyə bilərik ki, UTF-8 ASCII kodlaşdırma standartının ekvivalentidir.
- Lakin, bunun əksi doğru deyildir. ASCII kodlaşdırma standartı yalnız 256 müxtəlif simvolu təsvir edə bilir.
Nəticə:
Nəticə olaraq qeyd edək ki, həm Unicode, həm də ASCII mətn kodlaşdırma standartları müasir kommunikasiyalarda böyük əhəmiyyət kəsb edirlər. Hər birinin öz üstünlükləri və mənfi cəhətləri var, lakin kodlaşdırma üçün universal bir həll gələcəkdə kommunikasiyanı asanlaşdıracaq.